d
Follow us

Dəvət

Dəyərli Məsləkdaşlarımız,

22-24 may 2019-cu il tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində Talassemiya Mərkəzinin fəaliyyətə başlamasının 10 illiyinə həsr olunmuş “1-ci Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi”ni Sizlərə bidirmək dən məmnunluq və qürur duyuruq.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan və 10 il əvvəl, 2009-cu ildə fəaliyyətə başlayan Talassemiya Mərkəzində görülən işlər, talassemiyalı xəstələrə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar, Mərkəzin maddi-texniki bazasının gücləndirilməsi sahəsindəki tədbirlər bu xəstəliyə düçar olanların müalicəsində və profilaktikasında mühüm rol oynamaqda, xəstələrə və onların ailələrinə mənəvi baxımdan böyük dəstək olmaqdadır.

Talassemiya Mərkəzi elmi araşdırma və hematoloji xəstəliklərlə mübarizə mövzularında əlaqələri artırmaq məqsədilə dünya ölkələri ilə iş birliyinə başlamışdır. İş birliyinin qurulması istiqamətində təşəbbüslər artıq nəticəsini verməkdədir.

Belə ki, beynəlxalq əlaqələr çərçivəsində Türkiyə, Rusiya, İsrail və Avropanın aparıcı mütəxəssislərinin Talassemiya Mərkəzinə səfərləri, birgə elmi toplantılar, elmi-praktik seminarlar təşkil olunub. Mütəxəssislərimizin Türkiyə, İngiltərə, Belarus, İtaliya mərkəzlərində uzunmüddətli kursları təmin edilib. Görülən işlər hematoloji xidmətin müxtəlif sahələrinin inkişafına ciddi təkan vermişdir.

Qarşılıqlı səfərlər dünyanın müxtəlif ölkələrindən olan elm adamları ilə iş birliyi və təcrübə mübadiləsi baxımından müvəffəqiyyətli keçmiş, ölkəmizdə Hematologiya sahəsinin inkişafı baxımından mütəmadi elmi konqreslərin təşkil olunmasını zəruri etmişdir.

Bu baxımdan keçirəcəyimiz “1-ci Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi” mühüm aktuallığa malikdir. Konqresin ölkəmizin hematologiya sahəsində çalışan mütəxəssislərini bir araya toplayaraq, daha çox iştirakçı ilə yüksək səviyyəli elmi toplantı olacağına inanırıq.

Talassemiya Mərkəzi olaraq Heydər Əliyev Fondunun “Regional İnkişaf İctimai Birliyi” ilə birlikdə ölkəmizin regionlarında “Talassemiyasız həyat naminə” devizli elmi simpoziumlar keçirilir. Bu layihədə məqsəd həm mövcud xəstələrin keyfiyyətli müalicə almasını təşkil etmək, həm də talassemiyalı xəstə doğulmasının qarşısını almaqdır.

Ölkəmizin bütün regionlarının ardından sonuncu simpoziumu da paytaxtda, 1-ci Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi” çərçivəsində keçirməyi planlayırıq.

Hematologiya sahəsindəki bütün tədqiqatçıların qarşısında ümumi hədəf dayanır: hema- toloji xəstəliklərin diaqnoz və müalicəsini daim təkmilləşdirmək. Belə konqreslərin, məlumat mübadilələrinin və iş birliklərinin ölkəmizdə hematoloji xəstəliklərlə mübarizədə müvəffəqiyyət gətirəcəyinə ümid edirik. Konqres klinik araşdırmalarda son nailiyyətləri izləmək və eyni zamanda Azərbaycan qonaqpərvərliyini görmək baxımından böyük şans verir.

Sizləri Konqresdə görməkdən xoşbəxtlik və məmnunluq duyardıq. Gündəliklərinizdə 22-24 may 2019-cu il tarixləri arasında keçiriləcək, Talassemiya Mərkəzinin fəaliyyətə başlamasının 10 illiyinə həsr olunmuş “1-ci Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi”ni indidən qeyd etməyinizi xahiş edirik.

Dərin hörmət və səmimiyyətlə,

Dr. Valeh Hüseynov
Konqresin sədri

Dos. Dr. Ramin Bayramlı
Konqresin Elmi Katibi